Xocalı soyqırımı – qan yaddaşımız!

Xocalı soyqırımı – qan yaddaşımız!

Xocalı soyqırımı – qan yaddaşımız!

              

           XX əsrin amansız və qəddar soyqırım aktı olan  Xocalı soyqırımı insanlıq tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı unudulması mümkün olmayan dəhşətli hadisələrdən biridir. 29 il öncə 1992-ci il fevralın 25- dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər. Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi.

           Həmin gün azğınlaşmış erməni quldur dəstələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə hazırladıqları məkrli planı həyata keçirdilər. 613 nəfər öldürüldü, onlardan hamısı dinc azərbaycanlı idi. Öldürülənlərdən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, 487 nəfər ömürlük şikəst oldu. 1275 nəfər dinc sakin – qoca, uşaq,qadın əsir götürülərək ağlasığmaz zülmə, işgəncələrə və təhqirə məruz qaldı, 8 ailə bütövlükdə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq isə valideynlərindən birini itirdi.

           Ulu öndərimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bir çox faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilməsi mümkün oldu. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ümummilli liderimizin “Xocalı soyqırımının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00- da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Son 29 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılıb. Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə də Xocalı soyqırımına həmişə ideoloji siyasətimizin əsas tərəflərindən biri kimi baxılıb. Xocalı soyqırımının dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ardıcıl və səmərəli fəaliyyətini də xüsusi qeyd etməliyik. Hər il xarici ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər keçirilir.

           Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Müzəffər Ordumuz, qəhrəman əsgərlərimizin şücaəti sayəsində işğal altında olan torpaqlarımız azad olundu, Şuşada, Ağdamda, Kəlbəcərdə və digər rayonlarımızda üçrəngli bayrağımız dalğalandı, Xocalının bəzi kəndləri işğaldan azad olundu. Ümidvarıq ki, hər qarış torpağı şəhid qanı ilə sulanan Xocalıda şəhidlərimizin  narahat ruhları rahatlıq tapacaq!