Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsidir

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsidir

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsidir

İyunun 15-də Şuşada Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanan Bəyannamə Türk dünyasının 2 dahi liderinin vəsiyyətlərinin ardıcıl və davamlı olaraq yerinə yetirilməsinə əbədi yol açmışdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri hər iki dövlətin inkişafında qarşılıqlı əməkdaşlığın əsasını təşkil edən prinsiplərin təcəssümüdür.

Şuşa Bəyannaməsi hər 2 ölkə tərəfindən ardıcıl olaraq yüksək səviyyədə həyata keçirilən, dostluq, qardaşlıq, həmrəylik , tərəfdaşlıq prinsipləri Azərbaycanın və Türkiyənin inkişafının demək olar ki, bütün sahələrini əhatə edir.

Dünyanın Super dövlətlərinin diqqət mərkəzində olan regionun mühüm problemlərini əhatə edən bu Bəyannamə həm regionun bütövlükdə inkişafına və təhlükəsizliyinə yol açır, həm də Azərbaycanın və Türkiyənin suverenliyini, bölgədə olan liderliyini təmin edir.

Bəyannamənin imzalanmasının yeri və tarixi onun siyasi və ictimai gücünü daha da artırır, daha da möhtəşəm edir. Ümumilli lider H.Əliyevin yenidən hakimiyyətə qayıtması ilə əlamətdar olan Milli Qurtuluş günü və Qars Müqaviləsinin 100 illik ildönümü ərəfəsində və həm də Müzəffər komandan İ. Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Müharibə nəticəsində işğaldan azad olunan Şuşada imzalanması onun təsir dairəsini genişləndirir, Azərbaycan –Türkiyə qardaşlığını əbədi və yenilməz edir.

Bu Bəyannamənin müddəaları ölkəmizin hər bir vətəndaşının qarşısına müəyyən öhdəliklər qoyur. Bu baxımdan Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyətinin qarşısında mühüm vəzifələr durur: Hələ Bəyannamə imzalanmamışdan öncə Universitet kollektivi İşğaldan azad olmuş ərazilərdə və Zəngəzur dəhlizində bərpa və dinc-quruculuq işlərinin aparılması Layihəsinin işlənilməsi, memarlıq və tarixi-mədəni obyektlərin bərpası, bərpa olunan enerjinin istifadəsi ilə “ağıllı kənd”lərin inşası, su resurslarının idarə olunması, nəqliyyat- kommunikasiya sistemlərinin yaradılması, hipertəhlükəsizliyin təmin olunması, fövqəladə hal risklərinin idarə olunması, sosial-iqtisadi inkişaf konsepsiyasının yaradılması və s kimi problemlərin həllində fəaliyyət göstərməyə başlamışdır. Bu mövzulara həsr olunmuş konfranslar keçirilmiş, Universitetin əməkdaşları işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş ekspedisiyalarda iştirak etmişlər. Bəyannamənin artıq imzalandığı bu günlər ümid etmək olar ki, həm professor-müəllim heyəti, həm də məzunlar bu sahədə öz fəaliyyətlərini artıracaqlar.

 

Professor İslam Mustafayev,

AMEA-nın müxbir üzvü, AzMİU Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri