Doğum gününüz mübarək, əziz prezidentimiz!

Doğum gününüz mübarək, əziz prezidentimiz!
bakudesigncenter

         Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Heydər oğlu Əliyevə             

 

        Möhtərəm Cənab Prezident!    

        Sizi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti və çoxminli tələbə kollektivi adından yubileyiniz münasibəti ilə təbrik edir, səmimi qəlbdən cansağlığı, uzun ömür, xalqımızın rifahı, gələcəyi naminə apardığınız fəaliyyətdə yeni qələbələr arzulayırıq!    

        Ölkəmizə rəhbərlik etdiyiniz 18 il ərzində qarşıya qoyduğunuz və bəyan etdiyiniz strateji hədəflərə nail olmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirmisiniz. Bu gün Azərbaycanda böyükmiqyaslı, çoxşaxəli islahatlar prosesi geniş vüsət alıb və ictimai həyatın bütün sahələrində tərəqqi əldə edilib. Düz bir il bundan əvvəl isə Siz Azərbaycan xalqına zəfər sevincini, qalibiyyət qürurunu yaşatdınız. Rəhbərliyiniz altında qəhrəman Azərbaycan əsgəri xalqımızın uzun illərdir ki, qaysaq bağlamayan Qarabağ dərdinə məlhəm oldu, 30 illik yurd nisgilinə, torpaq həsrətinə son qoydu, mənfur düşməni müqəddəs torpaqlarımızdan qovdu. Bu qələbə müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi, Sizin böyük sərkərdəlik şücaətinizin, qətiyyətli mövqeyinizin, yüksək istedad və bacarığınızın, dəyişməz siyasi iradənizin məntiqi nəticəsi idi. 

        Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə olaraq Sizin dünya miqyasında apardığınız fəal, dərin zəka və dəmir məntiqə əsaslanan siyasətiniz Azərbaycanın haqq işinin davamlı qələbəsini təmin etdi. Məhz Sizin qətiyyətiniz, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı bu gün azad Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır. Bu gün Qarabağda hava limanları tikilir, kəndlər, qəsəbələr salınır, yeni yollar çəkilir. Qısa müddət ərzində işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində nəhəng layihələrin icrasına başlanılıb, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün regionun iqtisadi potensialından səmərəli istifadə edilərək ən müasir infrastruktur qurulur, imkanlar genişləndirilir. Biz inanırıq ki, Qarabağdakı dağıdılmış tarixi və mədəni mirasımız tezliklə bərpa edilərək dünya mədəniyyətinə qovuşacaq.

       Qarabağın yenidən qurulması ilə yanaşı, son illər ölkənin iqtisadi potensialının nəzərəçarpacaq dərəcədə möhkəmləndirilməsi yolunda həyata keçirdiyiniz uğurlu islahatlar, əhalinin həyatının və rifahının daha yüksək səviyyəyə qaldırılması sahəsində sistemli tədbirlər Azərbaycan vətəndaşının firavan həyat tərzinin təminatına xidmət edib. Bu günlərdə verdiyiniz mühüm sərəncamlarda apardığınız genişmiqyaslı sosial islahatların məntiqi davamı kimi təhsil işçilərinə, tələbələrə göstərdiyiniz diqqət və qayğınızı Universitetimizin hər bir üzvü minnətdarlıqla qarşılayır, yüksək qiymətləndirir, dərin təşəkkürünü bildirir. Təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bizi ruhlandırır və bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. 

           Əziz Prezidentimiz! 

Xalqımızın Sizə sonsuz inamı və ehtiramı sabah daha böyük nailiyyətlər əldə edəcəyimizə zəmanət verir. Əmininik ki, Sizin ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursunuz, demokratikləşmə, dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasətiniz Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır. 

          Ad gününüz mübarək, cənab Prezident! 

 

  Dərin ehtiramla, 

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin 

  Professor-müəllim heyəti və tələbələri adından  

                 rektor, prof. G.H.Məmmədova