AzMİU tələbələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

AzMİU tələbələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

AzMİU tələbələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

            Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə bir qrup fəal tələbə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

           Açıq səma altında salınan parkda AzMİU tələbələri 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də tələbələrin marağına səbəb olub.

            İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən park la bağlı təəssüratlarını tələbələrlə bölüşən AzMİU THİK-in sədri Bayram Aslanov vurğulayıb ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. “Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayan Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi qələbənin əsəri, ordumuzun güc və qüdrətinin əyani təzahürüdür. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır”.

            Qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.