AzMİU-da Böyük Britaniyanın Cormack şirkətinin nümayəndəsi ilə görüş keçirilib

AzMİU-da Böyük Britaniyanın Cormack şirkətinin nümayəndəsi ilə görüş keçirilib
bakudesigncenter

AzMİU-da Böyük Britaniyanın Cormack şirkətinin nümayəndəsi ilə görüş keçirilib


              Böyük Britaniyanın təhsil sahəsində məsləhət xidməti təqdim edən nüfuzlu Cormack şirkətinin Mərkəzi və Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Gintaras Steponavicius Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Tədris işləri üzə prorektor Akif Qasımov, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev iştirak edib. 
              Qonağı salamlayan Akif Qasımov universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. O, Universitetin profili, strukturu, maddi-texniki bazası, tədris prosesi haqqında məlumat verib. Beynəlxalq əlaqələr üzrə prorektor isə AzMİU-nun beynəlxalq əlaqələrinin inkişafının ali təhsil müəssisəsinin beynəlmiləlləşməsinə və təhsilin keyfiyyətinə təsiri məsələlərinə toxunub. 
              Öz növbəsində Gintaras Steponavicius Cormack Consaltinq şirkətinin əsas fəaliyyət istiqamətləri, AzMİU və ümumilikdə Azərbaycan ali təhsil müəssisələri ilə maraqlı olduqları sahələr üzrə birgə fəaliyyət planları haqqında məlumat verib. Qonaq  gələcəkdə Britaniya universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında Micro Hub - yəni təhsil qovşağının yaradılması, istedadların cəlb edilməsi, gənc alim və mütəxəssislərin davamlı inkişafının təmin edilməsi layihələri və AzMİU-nun profilinə uyğun Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının inkişaf etdirilməsinə dəstək, müəllim-tələbə mübadiləsinin artırılması sahələrində əməkdaşlıq etmək niyyətini və lazimi dəstək göstərəcəyini vurğulayıb. 
              Görüşün sonunda Gintaras Steponavicius göstərilən diqqətə görə universitetet rəhbərliyinə təşəkkürünü bildirib və bu görüşün hər iki tərəf üçün faydalı əməkdaşlığın yaranmasının başlanğıcı olduğuna əminliyini ifadə edib. 
              Məlumat üçün qeyd edək ki, Gintaras Steponavicius Litva Respublikası Parlamentinin keçmiş nümayəndəsi və eyni zamanda keçmiş təhsil naziri olub.  Hazırda təmsil etdiyi Cormack Consaltinq şirkəti əsasən Britaniya və Amerikanın nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Qonağın universitetə səfərinin əsas məqsədi də AzMİU-nun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və mümkün təhsil əlaqələrinin qurulmasında Cormack şirkətinin dəstəyi olub.