Azərbaycan gəncliyini tutduğu yoldan və mövqedən yayındırmaq mümkün deyil!

Azərbaycan gəncliyini tutduğu yoldan və mövqedən yayındırmaq mümkün deyil!

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Biz bu gün qalib ölkənin vətəndaşlarıyıq. Sözsüz ki, 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən əsasən, Azərbaycan Ordusunun gənc hərbçiləri olub. Məhz bu səbəbdən birmənalı olaraq demək olar ki, biz  torpaqlarımızı işğaldan azad edən, ərazi bütövlüyümüzü və sərhədlərimizin toxunulmazlığını bərpa edən, xalqımıza qalibiyyət kimi qüruru yaşadan bir gəncliyin nümayəndələriyik.

Əldə etdiyimiz qələbə təsadüfən baş verməyib. Ona görə ki, son illərdə vətənpərvər gənclərin formalaşması prosesi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən və müdrik siyasətin nəticəsində uğurla yekunlaşıb. Çünki Azərbaycan dövləti harada fəaliyyət göstərməsindən asılı olmayaraq, hər zaman Vətəninin və millətinin şərəfini qoruyan və qeyrətini çəkən parlaq gənclik yetişdirib.

Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda gəncliyin əsl simasını görməzdən gələn, Vətəni uğrunda  hər zaman fədakarlığa hazır olan gəncləri tutduqları yoldan və mövqeden yayındırmağa çalışan anti-Azərbaycan qüvvələrin diktəsi ilə hərəkət edən şəxslər də mövcuddur. Həmin şəxslər yaxın keçmişdə Azərbaycanı tamamilə məhvə sürükləyənlər və onların bu əməllərinə az qala haqq qazandıran və ya tərəfdarı olanlardır. Halbuki, həmin şəxslərin idarəçilik dönəmlərində Azərbaycan nəinki müstəqilliyini, suverenliyini qorumaq, hətta bayrağını, digər dövlət atributlarını itirmək, müxtəlif hissələrə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Qeyd edilən səbəblərdən həmin üzdəniraq müxalifət təmsilçiləri yəqin güman edirlər ki, bugünkü və yetişməkdə olan gənclik vaxtilə Azərbaycanda mövcud olan vətəndaş müharibəsi təhlükəsinin canlı şahidləri olmadıqları üçün onların fikirlərini dəyişmək olduqca asan başa gələ bilər. Amma bu gün internet ortamında, sosial şəbəkələrdə Azərbaycan dövlətinə, cəmiyyətimizə, Vətənimizə, ölkədə mövcud olan ictimai rəyə meydan oxumağa calışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və onun kimi düşünən bəzi şəxslər yanılırlar. Çünki Yeni Azərbaycan Partiyasının (YAP) ölkəmizə və Azərbaycan gəncliyinə göstərdiyi mənəvi yatırımı görməzdən gələnlər, yalan və qondarma fikirlərə əsaslanan populist çıxışlarla xalqı aldatmağa çalışanlar heç nə əldə edə bilməyəcəklər. Bu gün özlərini müxalifət təmsilçisi kimi təqdim edənlər unutmasınlar ki, təkcə 44 günlük müharibə dövründə YAP sıralarında olan gənclər könüllü olaraq bir daha hərbi xidmət keçmək üçün cəhbəyə yollanaraq həmin vaxt hərbi xidmətdə olan əsgərlərimizlə çiyin-çiyinə vuruşublar.

Eyni zamanda, hakim partiyanın sıralarında olan bir çox gənc müharibə zamanı, ondan sonrakı dövrdə informasiya cəbhəsində düşmənə qarşı kəskin mübarizə aparıblar. Ümumiyyətlə, informasiya müharibəsində qalib gəlmək üçün Azərbaycan gəncliyi bütün səylərini birləşdirib və mühüm uğurlar əldə ediblər. Bir gündə on minlərlə tvit, status, şərh, paylaşımlar edən fəal gənclər Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ədalətin zəfər çalması üçün var gücü ilə çalışıblar. Beləliklə, gənclərimiz bütün dünyada gündəmi müəyyənləşdirməyə öz töhfələrini veriblər. Amma bu gün özünü “millət, xalq, torpaq təəssübkeşi” kimi göstərən üzdəniraq müxalifət nümayəndələri ölkəmiz üçün ağır və şərəfli dönəmdə susmuşdular. Məsələn, bu  gün onlar deyə bilərlərmi ordumuzun uğuruna sevinərək bir neçə paylaşım ediblər? Yəqin ki, yox. Ona görə ki, hər vəchlə səbəbsiz yerə hakimiyyəti günahlandırmağa çalışan Ə.Əliyev kimi müxalifət nümayəndələri 44 günlük müharibə dönəmində gözləmə mövqeyi tutublar. Bu halda həmin şəxslər anlamalıdırlar ki, xəyanətkar fəaliyyətlərlə Azərbaycan gəncliyini tutduğu yoldan və mövqedən yayındırmaq mümkün deyil!